Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən hazırlanan koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodik vəsaitdə qeyd olunur ki, müxtəlif ticarət və xidmət sahələrində dəyişmə otaqlarından istifadə qadağandır.
Bizimaz.az xəbər verir ki, mövcud qadağanın tətbiqi geyim mağazalarına üz tutmuş vətəndaşlar üçün çətinlik yaradıb.
Belə ki, vətəndaşlar aldıqları müxtəlif geyimləri yoxlamaq üçün dəyişmə otaqlarından istifadə etmək istəsə də, qadağa ilə üzləşib. Bu vəziyyətdə alınan geyimin həqiqətən onlar üçün uyğun olub-olmaması qeyri-müəyyən qalır.
Mövcud vəziyyətdə alıcıların üzləşdiyi problemdən çıxış yolunu tapmaq üçün millət vəkili Fazil Mustafaya müraciət etdik. Deputat BAKU.WS-ə açıqlamasında bildirdi ki, bu qadağa mağazalara verilən təlimatla əlaqədardır: "Çünki bir nəfər əgər bir paltarı geyinirsə, xəstəlik əlaməti varsa, burada yoluxma riski nəzərə alınır. Mağazaların əslində bu məsələdə heç bir marağı yoxdur. Çünki mağazaya lazımdır ki, müştəri cəlb olsun, paltarı seçsin, xoşuna gələni götürüb getsin və pulunu ödəsin. Yəni əgər mağaza bunu qadağan edirsə, burada problem var. Görünür, bununla bağlı mağazalara xəbərdarlıq olunub. Bu ancaq təhlükəsizlik məqsədi daşıya bilər. Heç bir satıcı maraqlı olmaz ki, müştəri ölçüb-biçmədən, əyninə olanı seçmədən bunu götürüb getsin.
Bu məsələdə hər iki tərəfin haqlılıq əsası var. Burada çıxış yollarından biri bu ola bilər ki, insanlar yeni geyimlər almağı nisbətən təxirə sala bilər. Digər tərəfdən alıcının haqqı var ki, aldığı malı yoxlasın və geyinib baxsın. Satıcıların buna imkan yaratmaq variantları da istisna deyil. Ola bilər ki, dezinfeksiya variantlarından istifadə edilsin. Spirt və başqa vasitələrdən istifadə edərək müştəri tərəfindən geyinilib-yoxlanılan malları dezinfeksiya edə bilərlər. Burada başqa yol yoxdur. Alan tərəf də, satan tərəf də bu məsələdə haqlıdır".