Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilir.
Bizima.az: Axar.az xəbər verir ki, iclasda fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə bağlı daxil olmuş müraciətlərə baxılır.
Məsələ barədə məlumat verən MSK-nın katibi Arifə Muxtarova bildirib ki, 56 saylı Xaçmaz kənd seçki dairəsi üzrə namizəd Zeyqam Hüseynov MSK-ya müvafiq DSK-nın qərarından şikayət edib:
“O, 56 saylı seçki dairəsi üzrə 7 saylı məntəqədə nəticələrin ləğvini xahiş edib. DSK qərarında şikayət əsassız sayılıb. Ərizəçi nəticələri mübahisələndirməyib, yalnız bir məntəqədən şikayət edib. O bildirib ki, bu məntəqədə böyük nüfuz sahibidir və ona verilən səslər daha çox olmalı idi”.
A.Muxtarova bildirib ki, həmin dairədə seçicilərin iradəsinə təsir edəcək hadisə baş verməyib və şikayətin təmin edilməməli olduğunu vurğulayıb. Bununla bağlı müvafiq qərar qəbul olunub.
***
Mərkəzi Seçki Komissiyasının iclasında 29 saylı Səbail, 21 saylı Nəsimi birinci, 27 saylı Sabunçu ikinci seçki dairəsi üzrə daxil olmuş müraciətlərə baxılıb.
Bu şikayətlərin bir qismi şikayətvermə müddəti ötdüyü üçün ərizəçilərə geri qaytarılıb, digər qismi araşdırma səlahiyyəti DSK-larda olduğu üçün aidiyyəti üzrə DSK-lara göndərilib.
Bəzi şikayətçilərin isə şikayətlərini geri götürməsi səbəbindən onların baxılmasına xitam verilib.